10 Nisan 2017 Pazartesi

Toxumdakı möcüzə


Toxumun özünə nisbətən min dəfələrlə böyük olan ağacı əmələ gətirərkən istifadə edə biləcəyi tək material içinə basdırıldığı torpaqdır.

Bəs toxum ağac istehsal etməyi haradan bilir? Necə olur ki, torpağın içindəki materialları araşdırıb, ehtiyacı olanları götürür və ağac əmələ gətirmək üçün bunlardan istifadə etməli olduğunu dərk edir? Əmələ gətirdiyi ağacın hansı şəklə və quruluşa malik olmasının lazım gəldiyini necə ehtimal edə bilir? Bu sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansısa taxta parçası çıxmır. Toxum içində damarlar olan, torpaqdakı maddələri sormaq üçün lazımi köklərə malik və yerin üstündəki qismi də şaxələrə ayrılmış, son dərəcə yaxşı planlanmış canlı maddə istehsal edir. İnsan yaxşı ağac rəsmi çəkməli olanda belə çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı incəlikləri çəkmək çətindir. Lakin toxum son dərəcə kompleks cisim olan ağacı torpaqdakı materiallardan istifadə edərək sıfırdan əmələ gətirir.

Bu halda, toxumun son dərəcə ağıllı, hətta bizdən də ağıllı varlıq olduğu qənaətinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsirli ağılın olduğunu başa düşürük. Bəs bu ağıl və ağacın əmələ gəlməsi üçün lazım olan məlumat toxuma haradan, necə gəlmişdir? Necə olur ki, kiçik toxum bir kompüter diski kimi məlumatları toplaya bilir? Kompüter diskləri ağıllı və bilikli insanlar tərəfindən hazırlanıb kompüterlərə yerləşdirilir. Toxum da belədir, Allah tərəfindən ağac əmələ gətirmək qabiliyyətinə malik şəkildə yaradılmış və proqramlaşdırılmışdır. Torpağa atılan hər toxum Allahın elmi ilə əhatə olunur, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir: 

''Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın!'' (Ənam, 59)

Toxumu yaradan da, torpağa düşdüyü zaman onun içindən yeni bitkini çıxardan da Allahdır. Digər ayədə bu mövzu ilə əlaqədar belə deyilir: 

''Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür üz döndərirsiniz?'' (Ənam, 95)

Orta məktəblərdə hər şagirdə göstərilən bir təcrübə var; uşaq boşqabın içinə pambıq doldurur, bu pambıqları isladır və arasına da noxud dənəsi atır. Bir neçə gün keçir və pambığın içindəki toxumların cücərdiyini görür. Bu, əslində çox təəccüblü hadisədir və uşaqların çoxu da bu hadisəni gördüyü zaman təəccüblənir. Çünki pambığın içinə qoyulan noxudlar və ya lobyalar aylarla, ya da illərlə canlılıq əlaməti göstərmədən qalırlar. Amma uzun zamandır gözləyən bu sərt cisimləri sulu pambığın içinə qoyduqda birdən-birə canlanır, ortaya təzə, yam-yaşıl cücərtilər çıxır. Aydındır ki, bu toxumlar münasib şəraitə düşdükləri zaman cücərmələri üçün proqramlaşdırılıblar və ilk fürsətdə bu vəzifəni yerinə yetirirlər. ''Dənəni və çəyirdəyi yaran şübhəsiz Allahdır'' deyildiyi ayə bu möcüzəvi hadisənin sirrini açıqlayır. Digər bir ayədə isə belə deyilir: ''Göydən su endirən Odur. Biz o su ilə hər bir bitkini yetişdirib, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır'' (Ənam, 99)
Allah ayədə bizə məhsul verdiyi zaman və yetişəndə torpaqdan çıxan toxumların meyvələrinə baxmağımızı əmr edir. Həqiqətən də toxumun torpaqdan çıxması qədər meyvənin əmələ gəlməsi də möcüzəvi hadisədir.